DataLife Engine / Məhkəmələrə inam artacaq - Sabirabad Rayon Məhkəməsinin sədri

Məhkəmələrə inam artacaq - Sabirabad Rayon Məhkəməsinin sədri

Məhkəmələrə inam artacaq - Sabirabad Rayon Məhkəməsinin sədri

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılması qarşıda duran əsas məsələlərdən birinə çevrilib. Bunu Azetinform.az-a Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahov bildirib.

Füzuli Pənahov deyib ki, Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlib. Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayı dəfələrlə artırılıb, məhkəmə aparatlarının strukturu təkmilləşdirilib. Hazırda da ölkədə məhkəmə hüquq sahəsində islahatlar davam etməkdədir.
Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman ölkədə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına səbəb olacaq, paralel olaraq bu sahədə islahatların dərinləşdirilməsinə şərait yaradacaq. Nəticə etibarilə isə ölkədə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasını təmin edəcək.

Onun sözlərinə görə, Fərmana əsasən Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq:

"Sənəddə qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır. Fərmanda eyni zamanda, qeyd olunur ki, "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".

Füzuli Pənahov əlavə edib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsinə dair tədbirlər də əksini tapıb:

"Sənəddə birbaşa göstərilir ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Bütün bunlar deməyə əsas verir ki, Fərmanda əkisini tapan məsələlərin reallaşdırılması nəticəsində vətəndaşların məhkəməyə müraciət imkanları daha da genişləndiriləcək, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılacaq, məhkəmə qərarları tam və vaxtında icra ediləcək, süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq. Bununla da cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması təmin ediləcək".

Füzuli Pənahov fikrini belə tamamlayıb:
"Cənab Prezidentin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı fərmanı hesab edirəm ki, həm də digər hüquq-mühafizə orqanlarına bir mesajdır. Ümumiyyətlə, ölkənin hüquq sahəsində islahatlara ehtiyac var. Hansı qurumda hansı çatışmazlıq varsa, cənab Prezident münasibət bildirib. Məhkəmə hakimiyyətinin, ekspertizaların, icra işlərinin süründürməçiliyinin qarşısının alınması və digər alternativ ekspertizaların keçirilməsi qaydalarının təhlili, dünya təcrübəsinin öyrənilməsi və s. Hesab edirəm ki, digər qurumlar da bu fərmana uyğun olaraq artıq müəyyən iclaslar keçirirlər, canlanma hiss olunur, onlar da öz işlərində dönüş yaratmalıdırlar.

Əslində, istintaqdan gələn cinayət işlərinə bəzən məhkəmə baxır, əgər orada qüsurlar varsa, məhkəmə də bir az qüsura yol verirsə, deməli, vətəndaşın haqqı pozulur. Bu qurumlar insan taleyini həll edirlər. Yəni həkim insanın həyatını xilas edir, bu qurumlar isə insanın həyatını müəyyən edir, yaxın 3-5 ildə azadlıqdan məhrum edilirsə, haqlı olunub-olunmadığını bilməliyik. Haqsız azadlıqdan məhrumedilmə olmamalıdır. Yaxud kimsə əmlakından məhrum olunur. Əmlak dünyada ən müqəddəs predmetlərdən biridir. Dünyanın hər yerində vətəndaşın əmlakının əlindən alınması, ona müdaxilə olunması yolverilməzdir. Amma bu gün məhkəmələrin qətnaməsi ilə vətəndaş əmlakından məhrum olunur, o əmlak onun ailəsinin dolanışıq yeridir. Onu vətəndaşın əlindən bilə-bilə haqsız olaraq alırlarsa, deməli, burada qüsur yox, cinayət var. Mən belə qüsur və cinayətlərə qarşı barışmaz mübarizə aparılmasının tərəfdarıyam. Biz bu işdə cənab Prezidentə dəstək olmalıyıq. Harada neqativ məqamlar, xoşagəlməz hallar varsa, bunu deməliyik. Bəzən mətbuat da harasa və kiməsə yarınmaq xatirinə haqqı yazmaq istəmir. Biz hamılıqla Azərbaycan xalqına, dövlətinə xidmət edən bir mövqe ortaya qoymalıyıq və cənab Prezidentin bu istiqamətdə atdığı addımları dəstəkləməklə bərabər, həm də ona kömək etməliyik ki, bu problemlər sürətlə həll olunsun."


Azerinform.az
3-06-2019, 13:25
Geri dön