DataLife Engine / Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..

Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..

Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..

Hətta Rusiya prezidentinin yaxınlardakı Ankara səfərini və burada üç ölkənin – İranın, Türkiyənin və Rusiyanın dövlət başçılarının bir araya gəlməsini nəzərə almasaq belə Türkiyə son vaxtlarda dünya çapında adı ən çox hallanan ölkələrdən idi.

Yaxın Şərqdə aparılan fəal siyasət, kürd silahlılarının neytrallaşdırılmasına yönəlik uğurlu hərbi əməlliyyatlar, Rusiya ilə getdikcə dərinləşən və dönməz xarakter alan münasibətlər, bu xüsusda ABŞ və Avropa ölkələrindən duyulan qısqanclıq, hətta bir qədər tələskənliyilə seçilən bəzi media səhifələrində artıq Qərbi Asiya İttifaqı kimi hallanan, Qərb mediasının isə “Surya tiumviratı” adlandırdığı Tehran–Ankara-Rusiya üçlüyü haqda söhbətlər bitib tükənmirdi.

Azərbaycan da prosesləri ciddi izləyir və yararlanmağın yollarını düşünürdü, çünki üç ölkə arasındakı indiki anlaşma və yaxınlaşma müəyyən mənada Azərbaycanın formalaşdırıdığı iki regional üçbucağın, Bakı–Ankara-Tbilisi üçbücağı ilə Bakı-Tehran–Moskva üçbucağının sintezi kimi də yozula bilərdi. Bakının qeyd olunan iki ücbucağı fəallaşdırması da hardasa, İran, Rusiya və Türkiyə arasındakı təmasları bir az da intensivləşdirdi,- əlbəttə ki, “Astana prosesi”ni də nəzərə almaq şərtilə…

Tamam, təbii idi ki, Bakı regional üçbucağın təmaslarının Suriya məsələsindən bir az kənara çıxmasını gözləyirdi, çünki Qafqazda da çözülməli problemlər çoxdur və heç sözsüz ki, bunların biri, hətta ən birincisi Qarabağ problemidir.

Düşünülürdü ki, hazırda Rusiya məngənədədir, Türkiyə və İranla əlaqələrə çox böyük önəm verir və bu səbəbdən Ankara ilə Tehran onu Dağlıq Qarabağ məsələsində daha konstruktiv mövqe tutmağa vadar edə bilər.

Təbii, bu, həm də vaxt məsələsi idi. Bunun üçün, birincisi, Azərbaycanda prezident seşkilərilə bağlı işlər başa çatmalı idi. İkincisi, Rusiyanın özündə seçki bu yaxınlarda bitibmişdi, nazir S.Lavrovun yeni kabinetdə yer almayacağı haqda söhbətlər gəzirdi.

Üstəlik, Azərbaycana təyin ediləcək Rusiya səfirilə bağlı da ilk təxminlər səslənirdi ki, bu məsələlər də başa çatmalı idi. Artıq bundan sonra aydın olacaqdı ki, bizim müəyyən ümidlərə qapılmağımızın əsası vardı, ya yox?

Həm də düşünürdük ki, gözümüzü Kremlə dikməklə kifayətlənməməliyik, buna qədər də dəfələrlə yazmışdıq ki, Rusiyanı “sıxmağın” ən effektiv yollarını tapmalıyıq. Belə imkanın konturları isə artıq görünməkdə idi və təbii, bu konturların bir tərəfi də dərinləşən Ankara-Moskva əlaqələri idi ki, onu bir daha vurğulamaq zorundayıq.

Amma hələ o vaxt Türkiyənin özü ilə bağlı da xeyli aydınlaşası məqamlar vardı. ABŞ-la Türkiyə arasındakı münasibətlərin perspektivi necə olacaq? ABŞ və Avropanın Türkiyənin sanksiyalara məruz qalmış Rusiya və İranla sıx əməkdaşlığına münasibəti necə olacaq? Rusiya ilə Türkiyənin ittifaqı nə qədər davamlı olacaqdır?

İndi Suriya ətrafında cərəyan edən proseslər bütün bunları sanki arxa plana keçirib. Əvəzindəsə NARAHATLIQ və TƏLAŞ qalıb. Xüsusən də qovğada Tükiyənin necə hərəkət edəcəyi və kimə tərəf tutacağı olduqca maraq doğurun suallardır.

Amma duyulan budur ki, qardaş Türkiyə dərhal kənara çəkildi və çox düz də etdi. Bunun da səbəbləri çoxdur.
Sergey Lavrov Afrini B.Əsədə qaytarmağı tələb etməklə iki dövlət arasındakı ziddiyətləri faş etdi. Əslində Kremlin Ankaraya “Afrini Əsədə ver!” deməsi o mənanı verirdi ki, sən Afrini Əsədə ver, o, isə bizə verəcəkdir!

Lap əvvəldən duyulurdu ki, Kreml Suriyanın da tək sahibi olmaq istəyirdi və nəinki Ankaraya, heç Tehrana da bu məkanda geniş meydan verməyi düşünmürdü.
Belə vəziyyətdə Türkyə kənara çəkilməklə çox düz edir. Baş nazir B.Yıldırım ilk günlərdə bildirdi ki, ABŞ-la Rusiya “sokak savaşı yapır” və biz buna qarışmayacağıq. Elə prezident R.T.Ərdoğan da yaxın mövqe sərgilədi və dedi ki, Türkiyə nə ABŞ-la ortaqlıqlarından, nə də Rusiya ilə son dövlərdəki strateji yaxınlaşmasından, nə də İranla regional əməkdaşlıqdan imtina etməyəcək. Bu, da həmin anlama gəlir ki, Ankara neytral qalmağa cəhd edəcək.
Qeyd edək ki, son vaxtlar Türkiyənin iç siyasətində də maraqlı və dinamik proseslər gedir. Aprelin 4-də Alparslan Türkeşin anım günü idi. Ziyarətçilər tək Milliyyətçi Hərəkat Partiyasının üzvləri deyildi, prezident Ərdoğan da onların arasında idi.

Nəyin göstəricisidir bu? Son vaxtlarda hakim AKP ilə MHP arasındakı sıx yaxınlaşmanın təzahürümü?

Yox, məsələ bunda deyil. Bu yaxınlarda bir qaynaqdan oxuduq ki, qardaş ölkədə təzədən “Ülkü ocaqları”nın bərpasına icazə verilib. Bəli, indi Türkiyədə milli ruhun yüksəlməsinə həqiqətən ehtiyac var. Həm də hesab edirik ki, ölkəni bürümüş “Gülən şəbəkəsi”ni məhz “Ülkü ocaqları”nı bərpa etməklə aradan qaldırmaq olar. Düzdür, bəziləri hətta Türkeşi və onun davamçılarını da arabir dinçilərin sırasına qatmağa cəhd edir, amma bu, böyük yanlışlıqdır.

Bilirsiniz, ən azı niyə? A.Türkeşin doqquz prinsipindən biri stsientizm idi. Bu terminin isə mənası odur ki, yalnız elmi bilik ən yüksək mədəni dəyər səviyyəsinə qaldırılır və tək ona istinad edilir.

Bir tərəfdən F.Gülənin timsalında dini şəbəkənin mövcudluğu, digər tərəfdən kürd separatizminə qarşı mübarizə, üçüncü tərəfdən də Türkiyənin daha çox müstəqilliyə can atması ölkədə millətçiliyin daha da gücləndirilməsi zərurətini yaradır.

İndi qardaş ölkədə elə vəziyyətdir ki, Avropanın və ABŞ-ın qeyri-səmimi siyasəti Qərb dəyərlərini, ümumiyyətlə, qərbçiliyi dəyərdən salır. Belə vəziyyətdə təbii ki, dinçilər dirçəlirlər. Bəs bunlara qarşı nə qoymaq olar? Əlbəttə, millətçiliyi. Türkiyədə də bunu edirlər.

Bir daha deyirik ki, hakim partiyanın ultra-sağçı A.Türkeş millətçiliyinə üz tutmasının çox səbəbləri var.

Ümumi qərbçiliklə birgə, M.K.Atatürk qərbçiliyi də, hətta Atatürk millətçiliyi də gözdən düşür, çünki o millətçiliyin ağırlıq mərkəzi Qərb dəyərləri tərəfdə idi. Bunu çox böyük təəssüf hissilə qeyd edirik, çünki 1-ci Pyotr Rusiya üçün nə etmişdisə, elə Mustafa Kamal da onu Türkiyə üçün etmişdi.

Təbii, Türkeşi Ərdoğanın nəzərində yüksəldən başqa səbəblər də var. Bir daha deyirik ki, Türkeş İ.Qaspıralı, Ə.Hüseynzadə, Z.Göyalp, M.K.Atatürk, Z.Toqan və b. isimlər kimi türk milli düşüncəsində önəmli isimlərdən biridir.

Mən hələ də Türkeşin dəfnini xatırlayıram. O vaxt onun partiyası Türkiyə Millət Məclisinə düşmək üçün zəruri səsi toplaya bilməmiş və parlamentdən kənarda qalmışdı. Amma Türkeşin dəfni elə möhtəşəm bir şəkildə keçdi ki, hətta prezidentlər də qibtə edərdi buna…

Amma Türkeşdə AKP-ni cəlb edən bir detal da budur ki, mərhum Başbuğ Türkiyədə güclü prezident üsul-idarəsinin tətbiq olunmasının ən ardıcıl tərəfdarlarından idi. Görünür, indiki MHB-nin Ərdoğanla ittifaq qurmasının bir səbəbi də budur.

Digər bir amilsə budur ki, sola meylli M.K.Atatürk millətçiliyindən fərqli Türkeş ultra-sağçı millətçi idi. Düzdür, onun da prinsiplərində kollektivizim və buna bənzər çağırışlar vardı. Amma A.Türkeşin uzun müddət çağırışlarından biri “Bütün türkləri mülkiyyətçi edəcəyik!” idi.

Həm də belə faktı unutmaq olarmı ki, Türkeş və ona bağlı siyasi qüvvələr lap əvvəldən Türkiyə ilə solçu dünya arasında bir sipər, qalxan, Alparslanın özü isə ən qatı anti-kommunist idi!

Amma bizə yenə də elə gəlir ki, daha bir səbəb də var. Ərdoğanın əsas müxalifəti CHP – dir. Sonuncu özünü daim M.K.Atatürk partiyası kimi, Atatürk ideallarının əsas flaqmanı kimi təqdim edir. Bu, hakim AKP-də qıcıq oyadır, ona görə də onlar milli stimulları azacıq kənar ünvanlarda axtarmağa başalayırlar.
Əslində sindrom bizə tanış olmalıdı. Vaxtilə də nə qədər yeni partiya, neçə qəzet özünə əski adları götürdü və əski adlarla gündəmə gəlməyə çalışdı!

Onları başa düşürük,- hər qrup daha asan qəbul olunmaq üçün, yaddaşlara həkk olunmaq üçün özünü zamanın sınağından keçmiş milli simvollara proyeksiya edir. Amma belə hal bəzi ümummilli dəyərlərə qarşı soyuq münasibətə də rəvac verir, xüsusən də bu simvolları daşıyan qruplar müxalif mövqedə olanda…

Hər siyasi təşkilat üç atributun vəhdətidir: struktur, ideologiya və lider. Bəli, bu gün CHP özünü Atartürkün partiyası, onun ideallarının daşıyıcısı kimi təqdim edə bilər. Amma bir məsələ var: K.Kılıçdaroğlu bütün hallarda, Atatürk deyil!

Ona görə də günaha batmaq, milli simvollara qarşı soyuqluq yaratmaq lazım deyl, milli simvolları millətə qaytarmaq lazımdır. Hər fürsət düşəndə CHP – nin Atatürkün partiyası olması fikrilə AKP-ni cırnatmağa da dəyməz, çünki Atatürk həm də müasir Türkiyənin banisidir…
14-04-2018, 21:48
Geri dön